3 Temmuz 2013 Çarşamba

Yenə, əvvəlki kimi.

yenə əvvəlki kimisən. çox çoxsan.
varlığın əvvəlki kimidi. insan bir dəfə səndən xəbərdar oldu mu, sənsizliyi xəyal belə edə bilmir.
saçların əvvəlki kimidi. uzunluğunu, qısalığını, rəngini demirəm. hər dəfə küləklə etdiyi rəqsini deyirəm. görə biləcəyim ən yaxşı tango'dur.
külək hər dəfə saçlarını dağıdır. sən də bezmədən onları düzəldirsən. bəlkə də bezirsən? nə bilim. yəqin heç bilməyəcəm də.
gözlərin əvvəlki kimidi. ən dərin okean kimi. okean kimi. çünki rəngi də elədi. okeanın ortasında olan bir burulğandı sanki. insanı bir bilinməzliyə çəkir. o bilinməzliyi çox sevirəm. o da əvvəlki kimidi.
ətrin əvvəlki kimidi. burda küləyin haqqını yeməmək lazımdı. ən zəif külək olanda belə ətrin burnumdan bədənimə, bütün varlığıma yayılır. geriyə sadəcə sərxoş olmaq qalır. ətrinlə. məni əyyaş biri edə biləcək ən yaxşı "şərab"dır ətrin. o şərab üçün darıxmışam. darıxmağım da yenə əvvəlki kimidi..

yenə əvvəlki kimisən. çox çoxsan. çox yoxsan..

3 Haziran 2013 Pazartesi

Ölmək cəhdləri


yoxluğunun təcavüzü davam edir. itki çoxdur

1. mən indi tək qalmışam sətirlərdə
sətirlər də mənə öyrəşdi artıq
sağolsunlar
nə zaman səni xatırlasam
eh sahibliyi edirlər, ölümümə
çünki hər zaman özümü
onlardan asıram.
(27.05.2013)


2. onun ən çox cinayətlərindən
biri; mən idim
gözləri ilə öldürərdi.
gözləri fərqli idi onun.
gündüzləri dəniz kimi
dərin.
gecələri
bildiyimiz qaranlıq
dərin boşluq.
saçları ilə öldürərdi.
ətri "zəhər" saçları ilə.
öldürərdi.
məni öldürməkdə onun köməyinə
yoxluğu gələrdi.


3. yazmağa, onun
saçlarından
ətrindən
gözlərindən
yoxluğundan başqa bir şey tapa bilmirəm.

4. bir varlığın
saçları
gözləri
dodaqları
ətri
varlığı
yoxluğu
niyə bu qədər
qatil olsun ki?!


5. Milena'ya yazılmayanlardan..

sənin də gözlərin məni, hər dəfəsində çarmıxa çəkərdi



31 Mayıs 2013 Cuma

Yenə bir gecə..


bu gecə sərxoş olmaq. yaxşı olardı.
unutmuşam artıq sərxoşluğu.
məsələn, illər aşmış bir şərab ola bilərdi
ya da bu Jack Daniel's
bəlkə, lənət hava
ya da heç olmayan yerdə bir şeir olardı
səni oxuyaraq sərxoş olardım.
amma bilirəm, bunların təsiri olmazdı.
mənə lazım olan
saçlarının qoxusu və dodaqların..
o zaman əyyaş biri olardım
amma sənli olardım..

aprel, 2012

29 Mayıs 2013 Çarşamba

İki günlük

1. Hədiyyə (2)

damlalar dolacaq rəngli küçələrə
boz şəhərin rəngli küçələrinə
rənglər gedəcək birinci
sonra küçələr.
sən gedəcəksən sonra
gələcəksən
gedən damla sən
gələcək damla sən.
hər şey gedəcək
sonda, bunu yazan gedəcək..


2. Sərxoşluqdan ayıqlığa

sərxoş oldum
səni xatırladım yenə
əslində unutmuram səni
ama bu dəfəki xatırlayışım
səni xatırladığımı xatırlamaq oldu..


3. Birinci hədiyyə

saçları çiynindəndi
yoxsa çiyni saçlarına qədərdi
bilmirəm amma,
gözəldi..

4. xoşbəxtlikdən ölməyək
ölək, xoşbəxt olaq

5. səndən sonra, Tanrı da intihar etdi. mən hələ sağam

6. Ən çox..

ən çox onun haqda danışmaq istəyirəm
ən çox onun haqda susmaq istəyirəm
çox danışıram
çox susuram
o məndə çox çoxdu
mən onda çox yoxam


7. Saçları - Özdemir Asaf

Bilmeyorum ne vardı saçlarında..
Rüzgâr mı delice eserdi,
Gözlerim mi öyle görürdü yoksa..
Saçlarının her hali hoşuma giderdi.


22 Mayıs 2013 Çarşamba

Bir günlük..


Ölmək ehtiyacı..

ölməyə ehtiyacım var
biraz, lap çox.
bəlkə səndə ölərəm. amma səndə ölməyim səni də öldürərmi? onu bilmirəm
bəlkə gözlərində ölərəm
ya dəniz gözlü gözlərində boğulub,
ya da böyük bir boşluq olan gözlərində
itib ölərəm.
bəlkə saçlarında ölərəm
ki saçlarının ətri öldürə bilər məni
dodaqlarında ölərəm, bəlkə
səbəbi də sərxoşluq olar.
bir körpə kimi qucağındamı ölərəm?
yoxsa düşmən kimi ayaqlarının altında?
amma bilirəm, bir gün öləcəm
ya səndə ya da..

(22.05.2013)


Sərxoş qadınlar

sərxoş qadınlar
ən gözəl olduqları anlardan biridir
sərxoş olduqları an
o an, yeriməkdə çətinlik çəktikləri
amma heç kimə, həç nəyə tutunmadan
yeridikləri an
'mən yaxşıyam' dedikləri an..
o an, gözlərinin dəlicə parıldadığı
gözlərinin güldüyü ya da bütünüylə
bədənlərinin hər nöqtəsi ilə
gülümsədikləri an..
sərxoş qadınlar
sevilməyə dəyər ən gözəl qadınlar..

(22.05.2013)

15 Mart 2013 Cuma

Markus Zusak - Kitab oğrusu


Markus Zusak'dan oxuduğum növbəti kitab; "Kitab Oğrusu (orj. The Book Thief)". 2005-ci ildə yazmış olduğu bu kitabı ilə yazar yenə də bütün diqqətləri öz üzərinə çəkməyi bacardı.
Kitab, II Dünya Müharibəsi Almaniyasından bəhs edir. O vaxtlarda övladlıq olaraq verilən balaca bir qızın - Liesel Meminger'in yaşadıqları, kitablar, sözcüklər, kəlimələrlə olan əlaqəsi və bunların onun həyatına təsirini, yeni kitabları əldə etmək yollarından (ki əsasən oğurluq edərək) bəhs edir. Kitabı fərqləndirən ən əsas cəhətlərdən biri də bunların hamısının heç rastlaşmadığınız bir roman xarakteri tərəfindən - Ölüm'ün özü tərəfindən danışılmasıdır.
Ölüm Mələyi sizə bir həkayə danışmaq istəsə, durub ona qulaq asmazsınız?
Mən qulaq asdım.
Bu hekayə Liesel adlı bir qızdan, onun sözlərlə tanışlığından, akkordeon çalan atadan, fanatik almanlardan, yəhudi döyüşçüdən və çoxlu oğurluqdan bəhs edir.

Kitabdan gözlədiyim zövqü aldım. Hətta oxumayanda da ağlım kitabda idi, hadisələr günümü zəbt eləmişdi. Oxuyarkən bir şeyi daha dəqiq öyrəndim, daha da əmin oldum ki, sözlər həqiqətən ağılalmaz dərəcədə sehirli şeylərdir. Və sözlərin mahiyyətini anlamaq üçün çoxlu kitab oxumaq lazımdır. Bir kitab dostumun dediyi kimi: "Sözlərin mahiyyətinə varmaq üçün ən yaxşı üsul kitab oxumaqdır. Bu mahiyyətin reallıqla uzlaşmadığını gördükdə ən yaxşı çıxış yolu kitab yazmaqdır. Zira çox oxuyan mütləqdir ki, bir gün yazmaq eşqinə düşəcək." 

Kitabda özümə doğma bildiklərim Liesel'dən başqa Rosa Hubermann və Rudy Steiner oldu. Rosa ögey anası. Ətrafında hər kəsə qəddar görünsə də o qəddarlıqdan qat-qat çoxlu sevgi var idi onda. Rudy isə gördüyüm ən yaxşı dostluq simvollarından idi. Həm sadiq bir dost həm də bir aşiq.

Liesel sözlərin mahiyyətini anladıqca, bir müddət keçdikdən sonra artıq öz hekayəsini yazmağa başlamışdı. Adı da "Kitab Oğrusu". Hekayəsinin birinci səhifəsində yazır: "Bütün bunların qatarla, qarla və öskürən qardaşımla başladığını bilirəm. İlk kitabımı o gün oğurladım. Məzar qazmaqla əlaqədar bir əl kitabı idi və onu oğurlayıb Himmel Küçəsi'nə gətirdim."

Onun həyatını qurtaran da elə sözlər, hekayəsi oldu. Yaşadıqları məhlə bombardıman olunan zaman o zirzəmidə hekayəsini yazırdı. O bombardıman. Sevdiklərini öldürən bombardıman. Hans və Rosa Hubermann, Rudy Steiner və başqaları.. Liesel'in orda sevdiklərinin cəsədləri ilə vidalaşdığı səhnələr çox üzücü, ürək burxan idi. Ölüm özü belə qızın üzünə baxa bilmirdi. Hətta deyim ki, mən göz yaşlarımı saxlaya bilmədim.

Hadisələrin əsası elə bu səhnələrə qədər idi. Yazar məni təəccübləndirərək Ölüm'ü bir də uzun illər sonra Liesel'lə qarşılaşdırdı. Yəni bu vaxt aralığında olan hadisələr danışılmır. Və maraqlıdır ki, yazar qəhrəmanının həyatını öz doğma şəhəri olan Sydney'də sonlandırır. Ölüm orda Liesel'in ruhunu alır və onu gərəkdiyi yerə götürməzdən əvvəl bir yerdə oturub, qızın yazdığı hekayəsini ona verir. "Kitab oğrusu" hekayəsini..
Təhkiyəçi, yəni Ölüm orda Liesel'ə tək bildiyi bir şeyi söylədi. Onu bizə - oxucuya da deyir:
"Bunu kitap hırsızına söyledim, şimdi de size söylüyorum.
*ANLATICIDAN SON BİR NOT*
İnsanlar benim lanetim."

Markus Zusak'ın qələmindən oxuduğum ikinci kitab oldu bu. Gənc yaşda olmasına baxmayaraq yazar həqiqətən sözlərlə yaxşı oynaya bilir. İki əsərinin də dili o qədər axıcıdır ki, kitabları əlimdən qoya bilmirdim.
Kitab haqqında başqa nə yazım deyə düşünürəm amma onu özünü oxumaq burda yazılanları oxumaqdan daha yaxşı, daha zövqvericidir.

Mən "Kitab oğrusu"na aşiq oldum.

Son olaraq: Artıq bu kitaba film çəkilişləri başlayıb. Filmin 2014'də tamamlanacağı bilinir. Rollarda; Geoffrey Rush, Emily Watson, Sophie Nélisse və başqaları.

Əlavə: Yenə bir gün metroda bu kitabı oxuyarkən heç unutmayacağım bir hadisə baş verdi. Kitab oğrusunu hiss etdim. O gün yaşadıqlarımı bu sözlərlə ifadə edə bilərəm:
"Metrodaydım. 
"Kitap Hırsızı"nı oxuyurdum. 
Yanımda balaca bir qız oturmuşdu. 
Eynilə Liesel kimi. 
Bəlkə də ondan balaca idi. 
Əlimdəki kitaba baxırdı. 
Yenə Liesel kimi. 
Bir oğru kimi baxırdı əlimdəki kitaba. 
Kitab oğrusu." 




4 Mart 2013 Pazartesi

Sonsuzluq üçün yeddi gün..

Bir daha dostlar, altını cızaraq bildirirəm ki, mən kitab bloqları yazmıram :) . Sadəcə çoxdan oxudum bu kitab haqqında oxuyandan sonra yazdığım şeylərdi. Kitab haqqında ümumi məlumat deyək.

Marc Levy - Sonsuzluk İçin Yedi Gün


Əzəldən bəri - 2000 ildir ki, Tanrı ilə Şeytan arasında mübarizə gedir. Ən sonunda Onlar bir razılaşmaya gələrlər. Aralarındakı; Dünyaya və insanlığa hökm etmək savaşını bitirəcək razılaşma. Qayda qoyular: Hər ikisi də ən üstün, ən bacarıqlı təmsilçilərini yer üzünə yollayacaqlar. Tanrı'nın göndərdiyi mələyin etdiyi yaxşılıqlar, Şeytanın göndərdiyi iblisin etdiyi pisliklərdən daha çox olsa, dünya sonsuza qədər Tanrı'nın hökmü altına girəcək. Tərsi olsa, dünyanın ağası Şeytan olacaq. Yaxşı, bəs Mələklə İblis yer üzündə qarşılaşıb bir-birlərinə aşiq olsalar?
Bəli. Tanrı ilə Şeytan hər şeyi ön gördülər. Zofia(Mələk) və Lucas'ın(İblis) qarşılaşa biləcəkləri xaric, hər şeyi. Bir-birlərinə aşiq olarlar. Bir-birlərinin əslində "kim" olduqlarını öyrəndikdə belə vazgeçmədilər. Hər ikisi böyük fədakarlıqlara hazır idi. Zofia öz Cənnət'indən, Lucas da öz Cəhənnəm'indən imtina etməyə hazır idi.
Yeddinci günün sonunda Lucas, Zofia və onu tərəfinin qələbə çalması üçün ondan uzaqlaşır. Zofia'nı geri aparmağa gələn Mikayıl(Tanrı'nın ən yaxın mələklərində biri və eyni zamanda Zofia'nın xaç atası) onu apara bilmir. Zofia onunla getmir. Lucas'sız bir yer istəmir.
Təbii ki, mələk və iblisin aşiq olması bağışlanmaz şeydir. Şeytan Lucas'ı cəzalandırmaq istəyir. Tanrı ona mane olmaq istəyir amma o qulaq asmır. Bu anda Tanrı Şeytan'a deyir: "İKİMİZ DƏ BABA OLACAYIQ!"

Sonsuzluq.. Zofia və Lucas uşaqları ilə bir yerdə sonsuzluğu yaratdılar..

Gözəl kitabdır. Hər sətirindən həzz aldım. Kitab yeddi gün(fəsil)dən ibarətdir. Mən də kitabı ona uyğun oxudum. Həftənin birinci günündən başladım və hər gün-həftənin yeddinci gününə kimi oxudum.
Kitab,
bu sözlərlə başladı:
"Başlanğıcda Tanrı göyləri və yeri yaratdı.
Və axşam oldu və sabah oldu."

Bu sözlərlə bitdi:

"Bir axşam oldu...və sayısız başqa sabah."