27 Kasım 2012 Salı

Ağlamaq | Cavid Mehdiyev

‎:'( . Dünən gülümsəməkdən yazmışdım. Bu dəfə niyə ağlamayaq ki?! Hə, ağlayaq. Çəkinmədən. Kimsələrdən utanmadan. Öncəliklə bunu öyrənək ki, Gözyaşı cinsiyyət seçimi etmir.
Yenə, elə anlar olur ki, sadəcə ağlamaq istərik. Dinləməkdən doymadığımız o həzinli mahnılar. Mahnı oxuyar, sən ağlayarsan. Oxuduğun kitabda ya baş qəhramanın ya da başqa birinin faciəsinə ağlayarsan. Filmlərdə olan səhnələrə də. Keçmişi, beynində ilişib qalan acı keçmişi xatırlayıb.. ağlayarsan. Dost'unun dərdinə şərik olub onunla ağlarsan.
Və bir gün dəyər verdiyin biri ilə...
Yolda aralarında - biri-birinə gerçək sevgi ilə baxan gözlər arasında - sevgi görməzsən. Ağlamasan da içinə pis bir hiss düşər. Həyata sevgin ölər. Ya da küçədə, nəqliyyat vasitələrindəki insanların həddsiz xoşbəxt üzləri ilə rastlaşarsan. Onları anlaya bilmədiyin üçün, xoşbəxt olmadığın üçün gözyaşlarını sərbəst buraxarsan. Gözyaşlarımızı paylaşmaq. Amma ən əsası belə birini tapmaq. Gözyaşlarınızı da gizlətməyin. Biri sizi o halda görsə "nə fikirləşəcək?" deyə düşünməyin. Onların hamısının canı cəhənnəmə. Ola bilər mi ki, birilərinin sizin gözyaşlarınıza ehtiyacı olsun?! Ola bilər..
Yuxarıda fikrim yarımçıq qalmışdı - "Və bir gün dəyər verdiyin biri ilə..."
Əlvida günü. Həyatına O'nsuz davam edəcəyin günlərin ilk günü. İlk'ləri heç sevməmişəm. Uzun müddət olsun qısa müddət olsun fərq etməz. Çünki O'nunla birgə olduğun günlərin, O'nu hiss etdiyin günlərin hesabını tutmazsan. Zaman vecinə olmaz. Amma O'nunla uzaqlaşdığın günü, zamanı, anı heç unutmazsan. O mu səni tərk edir sən mi onu? Fərq etməz. Ayrılıq elə ayrılıqdır. Əvvəllər paylaşdığınız eyni bir şəhər var idi. Bu gündən sonra isə o da olmayacaq daha. Ayrı bir şəhər. Yenə sağolsun, sənin hava limanına qədər gəlməyinə etiraz etmir. Son dəqiqələriniz. Birgə.
...
Budur! Daha O getdi. Təyyarənin qalxışını izləyərsən. Gözdən itənəcən boş-boş onun arxacınca baxarsan. Sonra.. Ağlayırsan. Aylayırsan.. Yenə, yenə..
Və sonra evə gəlib bu sözləri yazarsan. Artıq sadəcə edə biləcəyin şey budur.. Və də Ağlamaq..

25 Kasım 2012 Pazar

Heçnə

İndi elə bir vəziyyətdəyəm ki, onu sözlərə çevirə bilmirəm.
Yorğunluq?
Bezginlik?
Çarəsizlik?
Nə? Bilmirəm necəyəm.
Ağlımdan keçirirəm ki, yanımda olasan.
Həmişəki kimi danışa bilməyək.
Başımı ya sənin çiyninə ya da dizlərinə qoysam.
Sən əllərinlə saçlarımı oxşasan
Bəlkə bu adını bilmədiyim,
Məni yoran hiss'dən qurtularam.
Səncə bunun bir köməyi dəyər?!
Ya da artıq havalar soyuyur. Sobalar yanır evlərdə.
Oturaq sobanın yanında.
İstədiyimiz qədər danışaq. İstədiyimiz qədər susaq.
Sonra lazım gəlsə bir-birimizin gözü qabağında göz yaşlarımızı sərbəst buraxaq. Olmaz?
Bilirəm.
Axmaqlayıram.

24 Kasım 2012 Cumartesi

Eyniliklər


“Eyni”lərimiz çoxdu. Çox insanlar özləri eynilik yaratmağa can atır. Mən elə eləməyəcəm. Mən fərqli eynilikləri nəzərdə tuturam. Bizim yaratmadığımız eyniliklər. Məsələn?
Eyni planeti paylaşırıq. Yer planetindəyik. Eyni zamanda yaşayırıq. Yəni 2012-ci ildəyik. Noyabr ayındayıq. Eyni günlərimiz var, birlikdə olmasaq da. O həmin günlərin gecələrini paylaşırıq. Eyni Ay’ı görürük. Bəlkə də eyni zamanda ona aşiqik. Nə də olmasa gecələr azad oluruq. Xəyallarımız azad olur, düşüncələrimiz. Göz yaşlarımız azad olur. Eyni Ay’a  baxıb hər şeyimizi onunla bölüşürük. Səsli olaraq danışmırıq, çünki o bizi eşidir. Söhbətimiz bitəndən sonra – təxminən elə söhbətimiz də eyni vaxtda qurtarır – yatmağa hazırlaşırıq, eyni yatağı paylaşmasaq da. Yatırıq.. Yatırıq. Və..
Eyni günlərin sabahları oyanırıq. Oyanma saatlarında fərq olsa da eybi yox. Durduğumuz an eyni şeyi edirik ya da etmirik. Əvəzedilməzimiz olan çayı içirik. Universitetlərimizə yollanırıq. Eyni Günəş’in nəfəs aldırmayan istisindən bezirik. Eyni avtobusdan, dayanacaqdan istifadə etməsək də eyni metrodan, stansiyalardan istifadə edirik. Bezdirici insan kütləsinə eyni lənətləri deyirik. Sonrakı bir neçə saat eyniliklərimiz olmaya bilər. İstirahət eləsinlər də!
Saatlar sonra.. Yenə metro hekayəsi. Bu dəfə də eyni stansiyadayıq. Bir-birinə əks olan qatarları gözləyirik. Orada.. varlığımızdan xəbərsiz..
Yenə evə gəlirik, yenə eyni şeylər.. Gecə. Azadlıq. Yuxu. Sabah...