30 Ocak 2013 Çarşamba

Sonra bir gün..


Sonra bir gün sevişmək istədim
İstəməklə qalmadım, sevişdim də.
Yoxluğunla sevişdim.
Bədənin yanımda olmadığı üçün, sevişməyə yoxluğunun ürəyindən başladım.
Ürəyin əlimdə döyünürdü
sanki sənin deyil, mənim qan dövranım üçün döyünürdü
öz ürəyimdən çox sevirdi məni
mən də onu çox sevdim.
Gözlərin.
Gözlərinin qapqara olan vaxtına təsadüf etmişdi sevişməyimiz.
Saçların.
qoxusu insanı dəli edən saçlarınla sevişdim.
Əllərin
buluddan da həssas, yumşaq olan əllərin
əllərimlə birləşdi
onlar da bir-birlərini sevdilər.

Beləcə yoxluğunla sevişmiş oldum.
Və yoxluğunla sevişməyimiz
Bu yazıya hamilə qaldı.

29 Ocak 2013 Salı

Bağışla..

Günü pis keçmişdi. Ən azından gün boyu bunu özünə təkrarlayırdı. Ta ki, axşama qədər. Sərxoş olana qədər. Sərxoşluğun biraz köməyi olur. Bir o qədər də pisliyi olur. Çünki ayıq vaxtı olan acılar, sərxoş vaxtı daha da suyun üzünə çıxır. Hər şey bütöv çılpalığı ilə gözünün önündə durur. Onları görməzlikdən gəlmək, sadəcə mümkün deyil. Bəzi sırtıq dilənçilər kimi. Onlar səndən pul qoparmamış əl çəkməzlər. Acılar isə səndən, içindən, hisslərindən bir şey və daha artığını qoparmamış rahat olmurlar, əl çəkmirlər.
O da özünə sual verdi; daha verəcəyi nəyi qalmışdı?. Heçnəyi qalmamışdı artıq. Belə anlarda nə elədiyini xatırlamağa çalışdı. Yazmaq. Belə olanda bir şeylər yazardı. Nə yazdığına ad vermirdi heç zaman. Məktub? Şeir? Ya nə? Heçnə. Sadəcə rahatlıq tapdığı yazılara sığınmağı sevirdi. Bu gün də elə etdi. Yazmağa başladı....


"...yadına gəlir sənə yazdığım o yazılar? Səninlə tanışlığımızın filanıncı günlərində yazmışdım onları. Özüm olduğum günlərdə. Ətrafa daim gülümsədiyim günlərimdə. Xatırlayırsan?
Ya da yadına gəlməsin, xatırlama o lənət yazıları! Sənə bütün o şeylərlə bağlı bir şey demək istəyirəm.
Sənə böyük bir "BAĞIŞLA!" deyirəm, sevgili.
Səndən başqa sənin kimi birisini tanımadığım üçün. Səni çox çox istədiyim üçün. Sənin üçün bəzən, yox hər zaman darıxdığım üçün. Sənli olduğum və daha da sənli olmaq istədiyim üçün. "Sən" dediyim səni tanıdığım üçün..
Və sənə bugünə qədər ürəyimdən keçənləri yazdığım üçün. Və də ürəyimdən sənin üçün bir şeylərin keçdiyi üçün.. bağışla. deyirəm..
Neyləyim indi, həyatımda bunları edə biləcəyim başqa biri yoxdu ya da bəlkə "yox idi" deməliyəm. Tək sən varsan. Hər şeyimlə Mən olduğum tək Sən'sən..
Bağışla.. Bu dəfə "Bağışla demə" cümləsini demə mənə. Həqiqətən bağışlanılası bir şey var bu dəfə. Çünki bu dəfə varlığından xəbardar olmadığım, səkkizinci günahı işləmişəm.
İstəyirsən bağışla, istəyirsən edam etdir məni..
Həyatımı qurtaracaq olan da sənsən..
Cəlladım da sənsən.."

26 Ocak 2013 Cumartesi

Son, son deyildir. (24.01.2013)


Hər dəfə bir şey yazanda bu sonuncudur deyirəm. Böyük yalançıyam. Amma mənlik bir şey deyil bu. Mahnılar tövbələrimi pozur, sözümü geri götürməyimə məcbur edir. Mahnılar ardıyca xatirələri gətirir. Amma yazmaq yaxşıdır. Sən bir şeylər yazıb ruhunu dincəldərsən, bunu oxuyan başqası isə buna sevgi, eşq deyər. Onlara bir şey demirəm. Bəlkə də sevgi axtarışında olanlardır, sevgiyə möhtac olanlardır. Ya da bəlkə.. Ən pisi sevgini bəsitləşdirənlərdir. Lənətə gəlmişlərdir. Hə, mən yazıram rahatlıq tapmaq üçün, ruhumu dincəltmək üçün. Tək deyiləm. Mahnılar da mənimlədir. Və mahnıların gətirdiyi sənli xatirələr. Yaşanmış olanlar bir qırağa qalsın, bu yaşanmamış "xatirələr" nə olan şeydi?! Bunu bir neçə nəfər soruşmuşdum, fəqli cavablar gəlmişdi:
"Yuxularındır" demişdi birisi.
"Ancaq yuxuda görə biləcəklərindir"
"Şizofrensən?"
"Bu şüuraltı olan bir beyin hadisəsidir. Beynimiz bizə çoxlu oyunlar oynayar"
"Gələcəyindir"
"Birinci həyatında yaşadıqlarındır"
"Deja Vu'ndur"
Və bir yaşlı cütlükdən soruşduqda isə, mənə dedilər: "Xəyallarındır."
Xəyallarım. Bu xəyallarım nə vaxtdan məndə var? Nə zaman böyüdüm ki, xəyallar da qurmağa başladım? Suallar. Suallardan qorxuram. Əsas da cavablarından. Çünki cavablarda "yox" kimi mənfi sözlər gizlidir.

Hər dəfə bir şey yazmağa başlayanda ağlımda olan şey elə ilk cümlədə yadımdan çıxır.
Tanıdığınız bir həmyaşıdınız bir şey yazanda onun yazılarında kimisə axtarmısız? Məsələn mənim "yazılarımda". Öz-özünüzə demisiniz ki, görəsən bu kimə yazır bunları? Soruşmayın. Nə özünüzdən nə də məndən soruşmayın. Heç olmasa icazə verin bu yazılarımda azadlıq tapım. Yazılarıma kimi istəsəm yerləşdirim. Həyatımda bu yazılarımda iki nəfəri həvəslə yazdım.. Amma onlar həvəsimi öldürdülər. Sonra heç yazmamağı istədim. Bacara bilmədim. Onları yox amma anladım ki, yaşadığım müddətcə yazacam. Çünki bu zaman aralığında yaşamaq, nəfəs almaqla bərabər, hiss edəcəm də.. Və bu kifayətdir ki, bir şeylər yazıb-pozasan. Amma hər yazmaq istədiyimdə bir əngəl saxlayacaq səni. Qorxu. Səbəbsiz qorxu. Yanlış anlaşılma qorxusu. Bu, "səni sevirəm" dediyində "səndən zəhləm gedir" anlamaq kimidir məsələn. Yazdığım ilk yazı yadıma düşür. Sevgi haqqında bir şeylər yazmışdım. Orda bir şəxs yox idi. Çoxlu adamlar var idi o yazıda. Eləcə də ən yalnız olduğum yazım idi o mənim. Kaşki deyirəm, kaşki yaza bildiyim hər yazım elə olsun.

***

Sevgili, varlığını tanıdığım gündən bəri heç bu qədər "yox" olmamışdın. Aramızda qalsın, bəzən dözmək olmur buna. Ölmüsən mi qalmısan mı, bilinməz. 
Sehirbaz olsaydım daim sənin ətrafında olan bir şeyə çevrilməyi seçərdim. Saçların olardım, məsələn. Onda külək saçlarınla bərabər məni də sovurub aparardı. Gözlərin olardım. Gördüyün şeyləri birgə görərdik. Dodaqların, sözlərin olardım. Demək istədiyin şeyləri mən deyərdim. Və də yeri gələnd susardım. Əllərin olardım. Toxunduğun şeyləri bilərdim. "Sənli toxunuş" nə deməkdir əzbərimə yazardım. Qəlbin olardım. Ən mükəmməli. Hiss etdiyin şeyləri səninlə hiss edərdim. Yaxşı, pis bütün hissləri.Ya da bir əşya olardım. Amma yenə də səndə olardım. Çünki belə çətin olur. Mən burdayam. "Səndəyəm, sənliyəm" - deyib özümü aldadıram. Belə olmadığını hər kəs bilir. Sən səndəsən, mənsə heçlikdəyəm. Özümdən çox sən varsan o heçlikdə. Gör, heçliyimi belə əlimdən almısan. Olmaz idi ki, varlığımı zəbt edəsən?! Sənin üçün bilmirəm amma mənim üçün yaxşı olardı.. Sənin üçünsə olmaz. Nə isə.


Bu yazı 18'imdə yazdığım son yazıdı, sadəcə indi paylaşıram. Uzun müddət də bir şeylər yazmaq gəlməyəcək içimdən. Hələlik.


14 Ocak 2013 Pazartesi

Bir Yazar bir Rəssam'dan daha yaxşı "rəssamdır". (Bir gənc yazarla bir rəssamın söhbəti)


Bir şeyləri fərqləndirə bilmək bacarığınız varmı? Bəs bacarıqları fərqləndirmək.? Müqayisə etmək.? 
Sizdən bir şey istəsələr. İstəsələr ki, Rəssam ilə Yazar'ı fərqləndirin, müqayisə edin. Necə müqayisə edərsiz? Əminəm ki, sizlərdən çoxunuz bunu edə bilməyəcəksiniz. Çünki sizə görə ayrı-ayrı şeylərdi. Bir düşünün bəlkə yanılırsız. İlk baxışda həqiqətən ayrı şeylərmiş kimi görünür. Amma...
Mənim şəxsi fikrimə görə isə onlar heç də bir-birlərindən fəqlənmirlər. Bu haqda fikirlərim var. Lakin bu fikirlərim, iki gəncin - bir rəssam və bir yazar - söhbəti sırasında, yazar oğlan tərəfindən ortaya çıxacaq. Mən çox danışmayım. Onların söhbətinə qulaq asaq...


Bakı, 2012..
Qış yeni gəlmişdi. Sərt küləklərin insanlara meydan oxumasına baxmayaraq hələ qardan əsər-əlamət yox idi. Bəzi gecələr yağır, səhərə qalmadan əriyib gedirdi. Yenə dəli küləkli bir gün idi. Bakının insanlarına baxırsan, hər zaman bir yerlərə tələsirlər. Səbəbli, səbəbsiz. Amma bugün onların içindən bir nəfəri həqiqətən tələsirdi. Çünki görüş təyin elədiyi birinin yanına gecikirdi. Görüş yeri şəhərdə yerləşən bir kafedə idi. Oğlan ora çatdı, qapıdan içəri girdi. İçəridə çöldəkinin əksinə istiliyi hiss etdi. Gözləri onu axtarırdı. Və birdən onu gördü. Əlində kafe menyüsü, vərəqlərini çevirirdi. Oğlan onun gözəlliyinə hər baxışında yenidən vurulurdu. Qız onu gördü, əl elədi. Oğlan da onun oturduğu masaya tərəf getməyə başladı. Yaxınlaşanda qız hər zamanki özünəməxsus, dəliedici gülümsəməsi ilə gülümsədi. Oğlan qızın üzünü iki əlinə alaraq yanağından öpüb qızın qarşısındaki stola oturdu.
Oğlan: "Bağışla, gecikdim. Çoxdan gəlmisən?"

Qız: "Yox. Gecikmədin"
Bu sırada ofisiant onlara yaxınlaşıb sifarişlərini istədi. Qız kappuçino istədi. Oğlan da eynisindən istəyib, sifarişini verdi.
Biraz keçəndən sonra - "Nəsə fikirli görünürsən. Bir şey olub?" - dedi oğlan.
Ofisiant sifarişləri gətirib masadan uzaqlaşdı. İkisi də isti kappuçinonun dadına baxdılar. İsti bir şeylər içmək yaxşı fikir idi.
"Yox, sadəcə keçən günlərdə mənə dediyin bir şey ağlımda ilişib qalıb" deyə qız cavab verdi.
"Mən nə demişəm keçən günlərdə?"
"Qocalmısane. Demirdin ki, bir yazar bir rəssamdan daha yaxşı rəssamdır?"
"Hə, xatırladım. Belə demişəm. Hələ də eyni fikirdəyəm" dedi oğlan.
"Bu necə ola bilər axı? Nəyə dayanaraq bunu deyə bilirsən?! Yazar və Rəssam. Axı ayrı şeylərdi."
"Məncə yanılırsan. Ayrı şeylər deyil və yazar həmişə bir addım öndədir." dedi oğlan.
"Yenə eyni şeyləri deyib məni əsəbləşdirirsən. Bir açıqlama da vermirsən. Bəlkə sadəcə məni əsəbləşdirmək üçün uydurursan bunu."
"Yox, səni əsəbləşdirmək kimi bir niyyətim yoxdu. Və bu dediklərimin də çox sadə açıqlaması var. Mən sənin bunu tapacağını ümid edirdim." oğlan cavab verdi. Sonra kappuçinosundan biraz da içdi.
"Oyun oynama. De görək o sadə açıqlama nədir elə, cənab yazar?" deyə qız hiyləgərcə gülümsəyərək dedi.
"Mən sonda haqlı çıxıb səni məyus etmək istəmirəm axı."

"Hah! Daha denən ki, yalan deyirəm də" qız qəhqəhə ilə güldü.
"Heç də belə"
"Yalançı" qız hələ də gülürdü.
"Yaxşı, xanım rəssam. Bunu siz istədiniz!"
Qız gülməyini dayandırdı. Oğlan bir daha qızın çox gözəl olduğunu fikirləşdi.
Oğlan yenə danışmağa davam etdi, "Yadına gəlir keçən aylarda sənə bir kitab vermişdim oxumağın üçün. Məşhur yazıçı Paulo Coelho'nun bir kitabı idi."
"Hə, yadıma gəlir. Mariya adlı fahişənin həyatından bəhs edən kitab. İndi başa düşmədim. O kitabın bizim söhbətimizə nə aidiyyatı var.?"
"Aidiyyatı odur ki.." oğlan sözlərinə davam edəcəkdi ki, qız onu sözünü kəsdi.
"Yaxşı da! Açıqlama eləyə bilmirsən, söhbəti kitabla başqa mövzuya çəkmək istəyirsən." qız yenə gülməyə başladı.
"Danışacaqlarım bitdiyində heç belə gülə bilməyəcəksən. İndi isə qulaq as, sözümü kəsmə" dedi oğlan.
"Yaxşı, danış görək. Harda qalmışdın. Hə, kitabda."
"Kitabda. O kitabda bir rəssam obraz Ralf Hart da var idi. Yəqin xatırlayarsan?" deyə oğlan soruşdu.
"Onu da xatırlayıram. Mariya'nın sevgini tapdığı adam. Ey, mən hələ qocalmamışam e, sənin kimi" qız dedi gülümsəyərək.
"Çox yaxşı. Bəs onların barda ilk tanışlıqlarındakı söhbəti xatırlayırsan?"
"Mmm. Çox yox, az-maz. Amma mən sənin hələ nə demək istəyəcəyini başa düşmürəm."
"Səbr elə.."
Oğlan balaca çantasından iPad'ini çıxarıb bir şeylər etməyə başladı. Qız nə etdiyini soruşanda da cavab verdi.
"İnanmayacaqsan amma mən kitabdan o hissəni özümə qeyd kimi götürmüşdüm. Və bilməzdim ki, mənə belə bir vaxtda lazım olacaq." dedi gülərək. Oğlan güləndə qız da onun üzünə diqqətlə baxdı. Stoldan biraz qalxıb oğlanı öpdü.
"Bu nə üçün idi belə?" oğlan təəccüblü soruşdu. Təəccüb, çünki qız belə şeylərdən xoşlanmırdı, tez-tez onu öpməzdi.
"Heç, içimdən gəldi. Noldu sən axtardığını tapmadın?!"

"Nə? Hə tapdım. Beləki, Mariya bir bara gedir və orda bu rəssam Ralf da olur. Ralf bunu görür və onun da şəklini çəkmək istədiyi deyir. Mariya razılıq verir. Oğlanla söhbət edirlər. Mariya içki sifariş verir. Anis kokteyli. Söhbətləri elə yerə gəlib çıxır ki, Ralf bu içki barəsində bəzi şeylər deyir. Bax indi o dediklərini sənə olduğu kimi oxuyacam."
Qız heçnə demirdi, söhbət daha maraqlı gəlmişdi. Oğlanın davam etməsi üçün susdu. Oğlan da oxumağa başladı.
"Qabağınızdakı anis kokteyliylə dolu qədəhi görürsən? Bax, sən yalnız onu görürsən. Mənsə çəkdiklərimin özəyinəcən getməliyəm, buna görə də bu anisin necə bitdiyini, küləklərin onu necə tərpətdiyini, toxumları yığan əlləri, onu başqa qitədən gətirən gəmini görürəm, mən məhlul düzəltmək üçün yarayanacan bu toxumların tərkibi olan, onunla qarışan, ona hopan bütün qoxuları, rəngləri görürəm. Əgər mən nə vaxtsa onu çəkmək fikrinə düşsəydim, bütün bunların hamısını tabloda əks etdirərdim, amma sən ona baxıb hələ hesab eləyəcəkdin ki, yalnız bir qədəh anis kokteyli görürsən."
Araya sükut çökdü. Oğlan 'müəlliməsinin verdiyi tapşırığı həll eləyən balaca uşaq kimi sevincli' gözlərlə qıza baxırdı. Qız susqun, oğlanın nə demək istədiyini anlamağa çalışırdı. Sonda qız qollarını açaraq daha çox açıqlamaya ehtiyacı olduğunu bildirən baxışlarla baxdı. Oğlan gülümsədi. Boğazını təmizləyib, sözlərinə davam etdi.

"Bax, əzizim, mənim demək istədiyim - bu kitabda rəssam Ralf Hart deyil Paulo Coelho'dur. Çünki Ralf'a  həyat verən, onu danışdıran burda yazardır. Və bu da yazarın yaxşı bir "rəssam" olduğunun sübutudur ki, o anis kokteyli barədə Ralf Hart'ın dili ilə o gözəl təsviri verir. Əminən sən də onu oxuyanda orda yazılanları fikrində canlandırdın. Belə ki, yazıçı o təsviri etmək əvəzinə kitaba sadəcə tabloda çəkilmiş anis içkisinin şəkilini yerləşdirərdi. Və bu zaman biz də sadəcə Mariya kimi "bir qədəh anis kokteyli" görərdik."
Oğlan boğazının quruduğunu hiss etdi, kappuçinosundan içmək istədi amma artıq soyumuşdu, içilməz vəziyyətdə idi. Yenə də bir qurtum içib sözlərinə davam etdi. Bu sırada qız onu böyük bir heyranlıqla izləyirdi. Gözlərindəki sevgi ətrafa yayılırdı.
"Yəni mənim demək istədiklərimi ümumiləşdirsəm onu deyə bilərəm ki, mənim üçün Yazar və Rəssam üçün ortaq və əsaslı bir cəhət var. Bu da onların gözəl rəssam olmalarıdır. Yazar; kağız, qələmləri, sözləri ilə, Rəssam isə; kağız, boya, fırçaları ilə. Hər ikisinin öz "oxuyucu"ları var. Yazara ona görə yaxşı rəssam deyirəm ki, çünki mənə görə yazar öz əsərində geniş təsvir verərək oxuyucusuna fikrini daha rahat çatdıra bilir. Amma Rəssam isə biraz oxuyucusu yorur. Məsələn sənin o sevdiyin rəssamların, Frida Kahlo, Salvador Dali, Van Qoq və başqalarının əsərlərinə baxanda mən çətin anlaya bilirəm. Amma sən izah verdikdə isə mən o zaman ordaki incəlikləri, Rəssamın "sehirlərini" görə bilirəm. Elə bilmə ki, mən Rəssamın işini Yazarınkından zəif görürəm. Əsla, əzizim. O ikisi mənim həyatımda çox böyük əhəmiyyətə malikdir. Onlar olmasa mən bu dünyanı anlaya bilməzdim. Səni tanımasaydım, əsərlərini görməsəydim, səndə və eyni zamanda əsərlərində itib-batmasaydım... mən yazar olmazdım."

Oğlan sözlərini bitirəndə gözlərinin dolduğunu hiss elədi. Qız da həmçinin. Duyğulanmışdı.
Biraz sükutdan sonra qız sakitliyi pozdu: "Və mən yazar olmadığım üçün indi sənin ağzının payını verə bilmirəm.! Lənət olsun!"
İkisi birdən qəhqəhələrlə gülməyə başladılar. Səsləri kafenin hər küncünə yayılmışdı. İnsanlar onlara çaşqınlıq içində baxırdılar. Ofisiantın yanlarına gəlib sakit olmalarını yoxsa çölə çıxmaq məcburiyyətində olduqlarını deyəndən sonra yavaş-yavaş sakitləşməyə başladılar.
Qız əlləri ilə oğlanın əllərini tutdu. Oğlan: "Sən sevdiyim ən yaxşı Rəssam'san." dedi qıza.
"Sən sevdiyim ən yaxşı Yazıçı'san." dedi..

Qeyd: Dostlar gördüyünüz kimi mən heç kimin bacarığını küçümsəmək niyyətində deyiləm. Sadəcə Yazar və Rəssam müqayisəsinə özümə xas baxış açısı ilə baxıb, fikirlərimi sizə çatdırmağa çalışdım.







10 Ocak 2013 Perşembe

Xatırlamaq.. ("Gecələrdən biri" adlı yazımın davamı kimi)

..O dəli küləkli gecədə küçədə gəzərkən artıq dayana bilmirdim.
Xatırlayırdım.
Hər şey xatırladırdı.
Birini, bir şeyləri xatırlayırdım.

Daha dözə bilmirdim. Evə qayıtmaq istədim. Olduğum yerdə durdum. Gözlərimi bağladım eləcə durdum.
Küləyi daha sərt hiss etdim. Sanki bir ruhmuş kimi hiss etdim özümü.
Küləyin qarşısında maneə yarada bilməyən ruh kimi..
O vəziyyətdə nə qədər durduğumu xatırlamıram.
Saniyələrlə?
Dəqiqələrlə?
Ya da bəlkə saatlarla?!
Bilmirəm.
Sonra bir şey oldu. Külək öz "əclaf"lığını göstərdi. Külək əllə tutulan bir şey olsaydı, onu ordaca boğardım.
Çünki Sənin qoxunu burnuma gətirdi.
Nə gərək var idi axı, durduq yerdə?!
Qoxu burnumdan girdi, içimə, bədənimə hopdu.
Nəfəsimi tutdum. Bacardığım qədər nəfəssiz qaldım.
Sonra gözlərimi açdım.
Geri dönərək qaçmağa başladım.
Evə.
Qaçdım. Qaçdım.
Niyə qaçırdım görəsən?
Nədən qaçırdım?
Xatırlamaqdan qorxduğum üçünmü?
Səni xatırladığım üçün?
Qoxunu hiss etdiyim üçün?
Nə axı?
Qaçırdım.
Deyəsən, səbəbsiz, məqsədsiz qaçırdım.
Bir şizofren xəstəsinin eşitdiyi "səslər"dən qaçdığı kimi qaçırdım.
Sonra dayandım. Yorulmuşdum artıq. Nəfəs alıb verməkdə çətinlik çəkirdim. Düşündüm ki, pis olmaz, ölərəm burda.

Sonra. Yenə xatırladım. Yenə, yenə və yenə.
Xatırladım ki, mən tək qalanda, tək olmayanda, həmişə səni düşünürəm.
Gözlərini düşünürəm. Dəniz rəngli gözlərini.
Dəniz nə rəngdə olur? Uşaqlığımdan bəri dənizin mavi rəngdə olduğunu bilirəm. Çünki mənə elə demişdilər, mən elə görmüşdüm.
Əslində isə mənə yalan demişdilər, gözlərim də məni aldatmışdı.
Dəniz çox rəngdə olur. Kim necə görərsə. Nə vaxt görərsə.
Səhərlər dəniz mavi görünür.
Günorta qızmar istidə yaşıl.
Gecə qaranlığında isə dəniz qapqara olar.
Dəniz suyunu əlinə aldıqda isə onu şəffaf olduğunu görərsən.
Sənin gözlərin kimi. Hər dəfə ayrı cür baxışlar, məsum baxışlar, sevgi dolu baxışlar. Dərin baxışlar.
Saçlarını düşünürəm. Gülməlidir ki, rəngini bilmədiyim saçlarını düşünürəm. Heç də gülməli deyil amma.
Üzünü. Bütün dərdləri unutduracaq üzündəki təbəssümü düşünürəm.
Xatırladım ki, əllərini düşünürəm. Ən sərt soyuqda üzümü isidən əllərin.
Səninlə sərxoş olduğumu düşünürəm. İçkisiz falansız sərxoş oluşumu düşünürəm.
Xatırladıqca düşünürəm.
Düşündükcə xatırlayıram.
Son olaraq bircə şeyi xatırladım, düşündüm ki

Mən səni heç vaxt unutmuram...

1 Ocak 2013 Salı

Gecələrdən biri


Bu gün də, bu gecə də
dəli külək əsir.
Mən yenə gəzintiyə çıxmışam. Bu dəfə tək
Həqiqətən təkəm bu gecə.
Tək olduğum üçün özümü bayıra atdım
Atdım ki, bəlkə təklikdən qurtulam. Amma alınmadı. Daha betər oldum. "betərin betəri var" dedikləri bu olsa gərək.
Tək olmaqdan niyə çəkinirik ki?! Doğulanda da tək doğulmadıq mı? Amma əkiz doğulanların bəxti gətirib məncə
Hə, tək gəzirəm.
Təkliyi anlamaq üçün.
Ona öyrəşmək üçün.
Səmimi münasibət qurmaq üçün.
Və ondan xaiş edirəm ki, təkliyimi üzümə vursun. O da sanki bunu deməyimi gözləyirmiş.
Sadəcə "bax" dedi. Baxdım. Önümə baxdım. Ağaclar gördüm.
Tək deyildilər. Bir-birinin ardınca düzülmüşdülər. Və də elə bil ki, biraz bir-birlərinə tərəf əyilmişdilər. Qucaqlamaq kimi.
Yolun qırağındakı otlar da həmçinin.
Ya da ağacları, otları boş verək. Bir budaq və onun üzərindəki yarpaqlar.
Onlar da tək deyillər. Biri qoparılsa, əminən digərlərinin də canı yanacaq.
Bəs mənim yarpaqlarım?
Hamısı yerindəmi?
Hamısı qoparılıbmı?
Mənim heç yarpağım varmı ki?!
Yol boyu uzanan işıq dirəkləri. Tək deyillər. Bir-birlərini izləyirlər. Onların da birinin işığı yanmasa əminəm digərlərinin işığı zəifləyəcək.
Bəs mənim işığım.
Niyə zəifdi?
Niyə güclüdü?
Mənim heç işığım varmı ki?!
Dəniz qırağıyla gəzirəm. Dalğalara baxıram. Ləpələri tək deyil. Biri zəif dalğalansa əminəm digərləri o dənizə imtina edərlər.
Bəs mənim dalğalarım.
Niyə zəifdi?
Niyə güclüdü?
Mənim heç dalğam varmı ki?!

Artıq baxmaq istəmirdim. Özümə acıyırdım. Xatırlayırdım. Birini xatırlayırdım. Var olduğunu xatırlayırdım.
Üzünü.
Gözünü.
Dodaqlarını.
Saçlarını.
Əllərini..
Varlığını. Hiss edilişini xatırlayırdım.
Xatırlamaq nədir bilirsiniz? Mən bilmirdim. Xatırlamağı, onunla xatırladım.
Sərxoş olduğum gecələri xatırladım. İçki içmədən sərxoş oluşumu xatırladım.
Və baxdığım hər şey, eşitdiyim hər şey, olmayan şeylər belə xatırladır.
Birini, bir şeyləri xatırladır...