Bir şeyləri fərqləndirə bilmək bacarığınız varmı? Bəs bacarıqları fərqləndirmək.? Müqayisə etmək.?
Sizdən bir şey istəsələr. İstəsələr ki, Rəssam ilə Yazar'ı fərqləndirin, müqayisə edin. Necə müqayisə edərsiz? Əminəm ki, sizlərdən çoxunuz bunu edə bilməyəcəksiniz. Çünki sizə görə ayrı-ayrı şeylərdi. Bir düşünün bəlkə yanılırsız. İlk baxışda həqiqətən ayrı şeylərmiş kimi görünür. Amma...
Mənim şəxsi fikrimə görə isə onlar heç də bir-birlərindən fəqlənmirlər. Bu haqda fikirlərim var. Lakin bu fikirlərim, iki gəncin - bir rəssam və bir yazar - söhbəti sırasında, yazar oğlan tərəfindən ortaya çıxacaq. Mən çox danışmayım. Onların söhbətinə qulaq asaq...
Bakı, 2012..
Qış yeni gəlmişdi. Sərt küləklərin insanlara meydan oxumasına baxmayaraq hələ qardan əsər-əlamət yox idi. Bəzi gecələr yağır, səhərə qalmadan əriyib gedirdi. Yenə dəli küləkli bir gün idi. Bakının insanlarına baxırsan, hər zaman bir yerlərə tələsirlər. Səbəbli, səbəbsiz. Amma bugün onların içindən bir nəfəri həqiqətən tələsirdi. Çünki görüş təyin elədiyi birinin yanına gecikirdi. Görüş yeri şəhərdə yerləşən bir kafedə idi. Oğlan ora çatdı, qapıdan içəri girdi. İçəridə çöldəkinin əksinə istiliyi hiss etdi. Gözləri onu axtarırdı. Və birdən onu gördü. Əlində kafe menyüsü, vərəqlərini çevirirdi. Oğlan onun gözəlliyinə hər baxışında yenidən vurulurdu. Qız onu gördü, əl elədi. Oğlan da onun oturduğu masaya tərəf getməyə başladı. Yaxınlaşanda qız hər zamanki özünəməxsus, dəliedici gülümsəməsi ilə gülümsədi. Oğlan qızın üzünü iki əlinə alaraq yanağından öpüb qızın qarşısındaki stola oturdu.
Oğlan: "Bağışla, gecikdim. Çoxdan gəlmisən?"
Qız: "Yox. Gecikmədin"
Bu sırada ofisiant onlara yaxınlaşıb sifarişlərini istədi. Qız kappuçino istədi. Oğlan da eynisindən istəyib, sifarişini verdi.
Biraz keçəndən sonra - "Nəsə fikirli görünürsən. Bir şey olub?" - dedi oğlan.
Ofisiant sifarişləri gətirib masadan uzaqlaşdı. İkisi də isti kappuçinonun dadına baxdılar. İsti bir şeylər içmək yaxşı fikir idi.
"Yox, sadəcə keçən günlərdə mənə dediyin bir şey ağlımda ilişib qalıb" deyə qız cavab verdi.
"Mən nə demişəm keçən günlərdə?"
"Qocalmısane. Demirdin ki, bir yazar bir rəssamdan daha yaxşı rəssamdır?"
"Hə, xatırladım. Belə demişəm. Hələ də eyni fikirdəyəm" dedi oğlan.
"Bu necə ola bilər axı? Nəyə dayanaraq bunu deyə bilirsən?! Yazar və Rəssam. Axı ayrı şeylərdi."
"Məncə yanılırsan. Ayrı şeylər deyil və yazar həmişə bir addım öndədir." dedi oğlan.
"Yenə eyni şeyləri deyib məni əsəbləşdirirsən. Bir açıqlama da vermirsən. Bəlkə sadəcə məni əsəbləşdirmək üçün uydurursan bunu."
"Yox, səni əsəbləşdirmək kimi bir niyyətim yoxdu. Və bu dediklərimin də çox sadə açıqlaması var. Mən sənin bunu tapacağını ümid edirdim." oğlan cavab verdi. Sonra kappuçinosundan biraz da içdi.
"Oyun oynama. De görək o sadə açıqlama nədir elə, cənab yazar?" deyə qız hiyləgərcə gülümsəyərək dedi.
"Mən sonda haqlı çıxıb səni məyus etmək istəmirəm axı."
"Hah! Daha denən ki, yalan deyirəm də" qız qəhqəhə ilə güldü.
"Heç də belə"
"Yalançı" qız hələ də gülürdü.
"Yaxşı, xanım rəssam. Bunu siz istədiniz!"
Qız gülməyini dayandırdı. Oğlan bir daha qızın çox gözəl olduğunu fikirləşdi.
Oğlan yenə danışmağa davam etdi, "Yadına gəlir keçən aylarda sənə bir kitab vermişdim oxumağın üçün. Məşhur yazıçı Paulo Coelho'nun bir kitabı idi."
"Hə, yadıma gəlir. Mariya adlı fahişənin həyatından bəhs edən kitab. İndi başa düşmədim. O kitabın bizim söhbətimizə nə aidiyyatı var.?"
"Aidiyyatı odur ki.." oğlan sözlərinə davam edəcəkdi ki, qız onu sözünü kəsdi.
"Yaxşı da! Açıqlama eləyə bilmirsən, söhbəti kitabla başqa mövzuya çəkmək istəyirsən." qız yenə gülməyə başladı.
"Danışacaqlarım bitdiyində heç belə gülə bilməyəcəksən. İndi isə qulaq as, sözümü kəsmə" dedi oğlan.
"Yaxşı, danış görək. Harda qalmışdın. Hə, kitabda."
"Kitabda. O kitabda bir rəssam obraz Ralf Hart da var idi. Yəqin xatırlayarsan?" deyə oğlan soruşdu.
"Onu da xatırlayıram. Mariya'nın sevgini tapdığı adam. Ey, mən hələ qocalmamışam e, sənin kimi" qız dedi gülümsəyərək.
"Çox yaxşı. Bəs onların barda ilk tanışlıqlarındakı söhbəti xatırlayırsan?"
"Mmm. Çox yox, az-maz. Amma mən sənin hələ nə demək istəyəcəyini başa düşmürəm."
"Səbr elə.."
Oğlan balaca çantasından iPad'ini çıxarıb bir şeylər etməyə başladı. Qız nə etdiyini soruşanda da cavab verdi.
"İnanmayacaqsan amma mən kitabdan o hissəni özümə qeyd kimi götürmüşdüm. Və bilməzdim ki, mənə belə bir vaxtda lazım olacaq." dedi gülərək. Oğlan güləndə qız da onun üzünə diqqətlə baxdı. Stoldan biraz qalxıb oğlanı öpdü.
"Bu nə üçün idi belə?" oğlan təəccüblü soruşdu. Təəccüb, çünki qız belə şeylərdən xoşlanmırdı, tez-tez onu öpməzdi.
"Heç, içimdən gəldi. Noldu sən axtardığını tapmadın?!"
"Nə? Hə tapdım. Beləki, Mariya bir bara gedir və orda bu rəssam Ralf da olur. Ralf bunu görür və onun da şəklini çəkmək istədiyi deyir. Mariya razılıq verir. Oğlanla söhbət edirlər. Mariya içki sifariş verir. Anis kokteyli. Söhbətləri elə yerə gəlib çıxır ki, Ralf bu içki barəsində bəzi şeylər deyir. Bax indi o dediklərini sənə olduğu kimi oxuyacam."
Qız heçnə demirdi, söhbət daha maraqlı gəlmişdi. Oğlanın davam etməsi üçün susdu. Oğlan da oxumağa başladı.
"Qabağınızdakı anis kokteyliylə dolu qədəhi görürsən? Bax, sən yalnız onu görürsən. Mənsə çəkdiklərimin özəyinəcən getməliyəm, buna görə də bu anisin necə bitdiyini, küləklərin onu necə tərpətdiyini, toxumları yığan əlləri, onu başqa qitədən gətirən gəmini görürəm, mən məhlul düzəltmək üçün yarayanacan bu toxumların tərkibi olan, onunla qarışan, ona hopan bütün qoxuları, rəngləri görürəm. Əgər mən nə vaxtsa onu çəkmək fikrinə düşsəydim, bütün bunların hamısını tabloda əks etdirərdim, amma sən ona baxıb hələ hesab eləyəcəkdin ki, yalnız bir qədəh anis kokteyli görürsən."
Araya sükut çökdü. Oğlan 'müəlliməsinin verdiyi tapşırığı həll eləyən balaca uşaq kimi sevincli' gözlərlə qıza baxırdı. Qız susqun, oğlanın nə demək istədiyini anlamağa çalışırdı. Sonda qız qollarını açaraq daha çox açıqlamaya ehtiyacı olduğunu bildirən baxışlarla baxdı. Oğlan gülümsədi. Boğazını təmizləyib, sözlərinə davam etdi.
"Bax, əzizim, mənim demək istədiyim - bu kitabda rəssam Ralf Hart deyil Paulo Coelho'dur. Çünki Ralf'a həyat verən, onu danışdıran burda yazardır. Və bu da yazarın yaxşı bir "rəssam" olduğunun sübutudur ki, o anis kokteyli barədə Ralf Hart'ın dili ilə o gözəl təsviri verir. Əminən sən də onu oxuyanda orda yazılanları fikrində canlandırdın. Belə ki, yazıçı o təsviri etmək əvəzinə kitaba sadəcə tabloda çəkilmiş anis içkisinin şəkilini yerləşdirərdi. Və bu zaman biz də sadəcə Mariya kimi "bir qədəh anis kokteyli" görərdik."
Oğlan boğazının quruduğunu hiss etdi, kappuçinosundan içmək istədi amma artıq soyumuşdu, içilməz vəziyyətdə idi. Yenə də bir qurtum içib sözlərinə davam etdi. Bu sırada qız onu böyük bir heyranlıqla izləyirdi. Gözlərindəki sevgi ətrafa yayılırdı.
"Yəni mənim demək istədiklərimi ümumiləşdirsəm onu deyə bilərəm ki, mənim üçün Yazar və Rəssam üçün ortaq və əsaslı bir cəhət var. Bu da onların gözəl rəssam olmalarıdır. Yazar; kağız, qələmləri, sözləri ilə, Rəssam isə; kağız, boya, fırçaları ilə. Hər ikisinin öz "oxuyucu"ları var. Yazara ona görə yaxşı rəssam deyirəm ki, çünki mənə görə yazar öz əsərində geniş təsvir verərək oxuyucusuna fikrini daha rahat çatdıra bilir. Amma Rəssam isə biraz oxuyucusu yorur. Məsələn sənin o sevdiyin rəssamların, Frida Kahlo, Salvador Dali, Van Qoq və başqalarının əsərlərinə baxanda mən çətin anlaya bilirəm. Amma sən izah verdikdə isə mən o zaman ordaki incəlikləri, Rəssamın "sehirlərini" görə bilirəm. Elə bilmə ki, mən Rəssamın işini Yazarınkından zəif görürəm. Əsla, əzizim. O ikisi mənim həyatımda çox böyük əhəmiyyətə malikdir. Onlar olmasa mən bu dünyanı anlaya bilməzdim. Səni tanımasaydım, əsərlərini görməsəydim, səndə və eyni zamanda əsərlərində itib-batmasaydım... mən yazar olmazdım."
Oğlan sözlərini bitirəndə gözlərinin dolduğunu hiss elədi. Qız da həmçinin. Duyğulanmışdı.
Biraz sükutdan sonra qız sakitliyi pozdu: "Və mən yazar olmadığım üçün indi sənin ağzının payını verə bilmirəm.! Lənət olsun!"
İkisi birdən qəhqəhələrlə gülməyə başladılar. Səsləri kafenin hər küncünə yayılmışdı. İnsanlar onlara çaşqınlıq içində baxırdılar. Ofisiantın yanlarına gəlib sakit olmalarını yoxsa çölə çıxmaq məcburiyyətində olduqlarını deyəndən sonra yavaş-yavaş sakitləşməyə başladılar.
Qız əlləri ilə oğlanın əllərini tutdu. Oğlan: "Sən sevdiyim ən yaxşı Rəssam'san." dedi qıza.
"Sən sevdiyim ən yaxşı Yazıçı'san." dedi..
Qeyd: Dostlar gördüyünüz kimi mən heç kimin bacarığını küçümsəmək niyyətində deyiləm. Sadəcə Yazar və Rəssam müqayisəsinə özümə xas baxış açısı ilə baxıb, fikirlərimi sizə çatdırmağa çalışdım.